Almaniyada türk dilində qablaşdırmada satılan “Trilya” markalı zeytun posası yağı yüksək miqdarda mineral yağ komponentləri aşkar edildikdən sonra geri çağırılıb.
Presedenttv.com Demokrat.az-a istinadla xəbər verir ki, Almaniyanın rəsmi qida təhlükəsizliyi portalında yayımlanan məlumata görə, söhbət 4 litrlik “Trilya” zeytun posası yağından gedir.
Aparılan analizlər zamanı məhsulda MOSH və MOAH kimi tanınan mineral yağ karbohidrogenlərinin yüksək səviyyələri müəyyən edilib.
Səlahiyyətli qurumlar məhsulda aşkarlanan göstəricilərə görə xərçəngə səbəb olma riskinin istisna edilmədiyini bildiriblər. İstehlakçılara məhsulu istifadə etməmək və aldıqları satış məntəqəsinə qaytarmaq tövsiyə olunub.
MOSH və MOAH xam neft mənşəli mineral yağ karbohidrogenlərinin iki əsas qrupudur. MOSH komponentlərinin orqanizmdə, xüsusilə qaraciyər və limfa sistemi kimi toxumalarda toplana bildiyi bildirilir.
MOAH isə genetik materiala zərər verə və xərçəngə səbəb ola bilən bəzi birləşmələri ehtiva edə bildiyinə görə daha ciddi narahatlıq doğurur.
Məhsulun qablaşdırılmasının tamamilə türk dilində olması da diqqət çəkir. Araşdırmalara görə, “Trilya” Türkiyədə geniş satılan marka deyil.