Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günü BMT Baş Assambleyasının 2009-cu ilin dekabrında keçirilən 64-cü sessiyasında qəbul edilmiş 64/35 saylı qətnamə ilə təsis olunub.
Presedenttv.com AZƏRTAC-a istinadla xəbər verir ki, hər il avqustun 29-da qeyd olunan bu gün nüvə sınaqlarının dayandırılması istiqamətində BMT-nin, ayrı-ayrı dövlətlərin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının səylərinin gücləndirilməsinə xidmət edir. Bu, təhlükəsiz dünyanın yaradılması üçün zəruri şərtdir.
Baş Assambleyanın müvafiq qətnaməsinin preambulasında “insanların həyatı və sağlamlığı üçün dağıdıcı və zərərli nəticələrin qarşısını almaq məqsədilə nüvə sınaqlarına son qoyulmasının” vacibliyi vurğulanır.
Bu qətnamənin qəbul edilməsi təşəbbüsü ilə Qazaxıstan Respublikası çıxış edib. Qazaxıstan bu gün üçün 1991-ci ildə məhz avqustun 29-da Semipalatinsk nüvə poliqonunun bağlanmasını qeyd etmək məqsədilə həmin tarixi təklif edib.
İndiyə qədər dünyada iki mindən çox nüvə sınağı keçirilib. Təcrübə və tarix nüvə silahlarının sınaqlarının, xüsusilə də nəzarətdən çıxdığı hallarda, bəşəriyyət üçün nə qədər dəhşətli və faciəvi nəticələr doğurduğunu göstərib. Müasir nüvə silahları isə daha güclü və dağıdıcıdır.
Nüvə silahlarının sınaqlarının dayandırılmasının əsas vasitəsi Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi haqqında Müqavilədir (NSHQM). Müqavilə 1996-cı il sentyabrın 10-da BMT Baş Assambleyası tərəfindən qəbul edilib. Bu sənəd ilk dəfə nüvə sınaqlarının üç mühitdə keçirilməsinə mühüm məhdudiyyətlər qoyub və onların gələcəkdə tam qadağan edilməsi istiqamətində beynəlxalq səylər üçün möhkəm zəmin yaradıb.
Hazırda 187 ölkə müqaviləni imzalayıb, 178 ölkə isə onu ratifikasiya edib. Müqavilənin qüvvəyə minməsi üçün əhəmiyyətli nüvə potensialına malik dövlətlər tərəfindən ratifikasiya olunması tələb edilir. NSHQM qüvvəyə minməsə də, demək olar ki, bütün nüvə dövlətləri nüvə sınaqlarının keçirilməsinə könüllü birtərəfli moratorium tətbiq edib. 2010-cu ilin mayında iştirakçı dövlətlər nüvə silahından azad dünyada təhlükəsizliyə nail olmaq istiqamətində əməkdaşlıq etməyə səy göstərmək barədə öhdəlik götürüb və nüvə sınaqlarının qadağan edilməsinin “həyati əhəmiyyət daşıyan vəzifə” olduğunu bəyan ediblər.
Hazırda planetin Cənub yarımkürəsinin demək olar ki, bütün ərazisi regional müqavilələr əsasında nüvə silahından azad zona hesab olunur. Bunlara Sakit okeanın cənub hissəsini əhatə edən Rarotonqa müqaviləsi, Afrikanı əhatə edən Pelindaba müqaviləsi, Cənubi Asiyanı əhatə edən Banqkok müqaviləsi, həmçinin Latın Amerikası və Karib hövzəsini əhatə edən Tlatelolko müqaviləsi daxildir.
BMT-nin Baş katibi 2018-ci il mayın 24-də təqdim etdiyi “Ümumi gələcəyimizi təmin etmək” adlı yeni Silahsızlanma Gündəliyində nüvə silahlarının yayılmasının bəşəriyyət üçün ekzistensial təhlükə yaratdığını bildirib. O vurğulayıb ki, bir mexaniki səhv, elektron sistemdə nasazlıq və ya insan səhlənkarlığı fəlakətə səbəb ola və nəticədə bütöv şəhərlər yer üzündən silinə bilər.
Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günündə dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir. Bunlara simpoziumlar, konfranslar, sərgilər, müsabiqələr, nəşrlər, təhsil müəssisələrində mühazirələr, maarifləndirici verilişlər və digər tədbirlər daxildir.