ABŞ-də alimlər iqlim dəyişikliyi ilə mübarizənin yeni üsulunu sınaqdan keçiriblər.
Tədqiqatçılar Men körfəzində okeana təxminən 62 min litr natrium hidroksid (kaustik soda) məhlulu buraxıblar. Təcrübə Massaçusets sahillərindən təxminən 61 kilometr aralıda aparılıb.
Alimlərin məqsədi okeanın qələviliyini artıraraq onun atmosferdən daha çox karbon qazı (CO₂) udub-udmadığını yoxlamaq olub.
Təcrübə təxminən 6 saat davam edib. Maddənin suda yayılmasını izləmək üçün məhlula xüsusi flüoresan boya da əlavə edilib.
İlkin nəticələrə görə, ərazidə suyun kimyəvi göstəricilərində gözlənilən dəyişiklik baş verib və əlavə karbonun okean tərəfindən tutulmasına dair göstəricilər əldə olunub.
Alimlər bildirirlər ki, bu üsul gələcəkdə atmosferdəki CO₂-nin azaldılmasına kömək edə bilər. Lakin texnologiyanın geniş tətbiqindən əvvəl onun dəniz ekosisteminə uzunmüddətli təsirlərinin daha ətraflı araşdırılması tələb olunur.