ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Şəki Yaylası istirahət məkanıdır, yoxsa təhlükə mənbəyi?
Əlimizdəki görüntülər burada vəziyyətin nə qədər acınacaqlı olduğunu ortaya qoyur. Restoranların havalandırma sistemi işləmir, ərazi tüstü duman içindədi.
Ayaqyollarının işləmədiyi, antisanitariya şəraitinin hökm sürdüyü bildirilir.
Qiymətlər isə gələnlərin cibinə ağır zərbə vurur — bir qutab 4 manat!

Amma ən dəhşətlisi təhlükəsizlik məsələsidir.
Mühərrikli motodan turistin yıxılaraq xəsarət aldığının şahidi olduq. Xəstəyə buz qoyularaq müdaxilə edilirdi.
Bəs belə vəziyyətdə məsuliyyət kimdədir?
Yaylanın rəhbəri Məhərrəm Novruzovun köməkçisi olduğu bildirilən Sahil adlı şəxs isə təhlükəsizliklə bağlı suala cavabında bildirib ki, kanata minən hər kəs müqaviləyə imza atır və təhlükəsizliyinə görə məsuliyyəti özü daşıyır.
Bu cavab isə daha ciddi sual yaradır: insanın imzaladığı kağız təhlükəsizlik qaydalarına əməl olunması öhdəliyini aradan qaldırırmı?


Kanat işləyir, turist minir, pul ödəyir. Deməli, xidmət göstərilir. O zaman təhlükəsizlik də təmin edilməlidir!
İndi aidiyyəti qurumlara sual veririk:
Şəki Yaylasında kanatların təhlükəsizliyinə kim nəzarət edir? Restoranlardakı tüstü və havalandırma problemi niyə aradan qaldırılmır? Ayaqyollarının vəziyyətinə kim cavabdehdir?
Turistlər buraya istirahətə gəlir, xəsarət almağa yox!
Əgər bu görüntülərdən sonra da tədbir görülməyəcəksə, onda sual yaranır: insanların təhlükəsizliyi üçün daha nə baş verməlidir?