Beynəlxalq Biodizel Günü hər il avqustun 10-da qeyd olunur. Onun məqsədi diqqəti alternativ yanacaqlara və bərpaolunan enerji imkanlarına çəkməkdir. Bu əlamətdar tarix alman mühəndisi Rudolf Dizelin ilk dəfə Auqsburqda mühərrikinin prototipini işə saldığı 10 avqust 1893-cü ili xatırladır. Lakin müasir biodizelin ilk dəfə bu gün istifadə edildiyi iddiası doğru deyil: bildiyimiz biodizel istehsal texnologiyası daha sonra inkişaf edib.