Şəhərin şərq bölgəsində tikinti işləri aparılarkən aşkarlanan bombanın zərərsizləşdirilməsinə sentyabrın 19-da başlanılıb. Əməliyyatın təhlükəsizliyi məqsədilə ətrafdakı 18 yaşayış binasından 6 mindən çox sakin təxliyə edilib. Çəkisi təxminən 453 kiloqram, uzunluğu 1,5 metr olan bomba Amerika Birləşmiş Ştatları (ABŞ) istehsalıdır. Mütəxəssislər bombanı deşərək, içəridəki trotili yandırmağa müvəffəq olublar. Uğurlu başa çatan əməliyyatdan sonra sakinlərin evlərinə qayıtmasına icazə verilib. Əməliyyatın gedişində bağlanmış yollar açılıb. Qeyd edək ki, Honkonq İkinci Dünya müharibəsində Yaponiyanın ilk hədəflərindən biri olub. Şəhər yaponların əlinə keçdikdən sonra hərbi və dənizçilik bazası rolunu oynayıb. ABŞ və müttəfiq qoşunları Yaponiya qoşunlarının bölgədəki təchizatını pozmaq üçün Honkonqa güclü aviasiya hücumları təşkil edib.