Bu gün Beyləqan şəhidi İmran Rahim oğlu Əmrahovun anım günü münasibətilə xatirəsi ehtiramla yad olunub. Anım mərasimi şəhidin ailəsi, yaxınları və onu tanıyanların iştirakı ilə keçirilib.
2005-ci il 22 dekabr tarixində Biləcəri qəsəbəsində dünyaya göz açan İmran Əmrahov ömrünün 18 ilini burada yaşayıb. O, 6 aprel 2024-cü ildə Biləcəridə torpağa tapşırılıb.
Ailənin tək oğlu olan İmran iki bacının qardaşı idi. O, ailəsinin sevinci, evin çırağı sayılırdı. Yaxınlarının sözlərinə görə, İmran qısa ömür yaşasa da, şərəfli və ləyaqətli həyat yolu keçib.
İmran Əmrahov uşaqlıq illərindən Vətəninə, bayrağına böyük sevgi ilə böyüyüb. Məktəb illərində belə hər zaman hərbçi olacağını deyir, bu arzusu ilə yaşayırdı. Hətta kiçik yaşlarında həkimə aparılarkən ona “böyüyəndə nə olacaqsan?” sualı veriləndə tərəddüd etmədən “hərbçi olacağam” cavabını verib. Onun bu arzusu zaman keçdikcə daha da möhkəmlənib.
Orta təhsilli olan İmran idmanla da məşğul olur, fiziki hazırlığı ilə seçilirdi. O, həqiqi hərbi xidmətə yollandıqdan cəmi 3 ay sonra Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası çıxışında bildirib ki, İmran ailənin tək oğlu, onların “yanan işığı, evin çırağı, dünyaları” idi. Onun itkisi ailə üçün böyük faciə olsa da, övladlarının Vətən uğrunda şəhid olmasından qürur duyurlar.
Qeyd edək ki, İmran Əmrahovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Baş redaktor: İntizar Əmirpva