Almaniyada federal hökumət ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) həmsədri Alis Vaydel ilə amerikalı milyarder İlon Mask arasında X platformasında təşkil olunan onlayn debata münasibət bildirib.
Prezidenttv.com “Deutsche Welle”yə istinadla xəbər verir ki, hökumət bu yayımı seçki kampaniyası kimi şərh edib. Yüz minlərlə insanın birbaşa izlədiyi onlayn debatda səsləndirilən ifadələrlə əlaqədar hökumət sözçüsünün müavini Kristiane Hofman seçki kampaniyaları ilə bağlı şərh vermədiklərini qeyd edib.
Onlayn yayımdan sonra ölkənin bir sıra universiteti X platformasını sərt tənqid edib. Altmışdan çox universitet X sosial şəbəkəsindən istifadə etməməyi qərara alıb. Buna səbəb olaraq X platformasının ədalətli fikirləri təşviq etməklə bağlı öz məsuliyyətinə uyğun davranmadığı, bu şəbəkədə sağ populist məzmunların yayılmasının genişləndiyi ifadə olunub.
Qeyd edək ki, həmin onlayn yayımda İlon Mask Almaniyanı ancaq AfD-nin xilas edə biləcəyini bildirib, seçiciləri parlament seçkilərində bu partiyaya dəstək verməyə çağırıb.
Almaniyada növbədənkənar federal parlament seçkiləri fevralın 23-də keçiriləcək.